Jurnalistlər, ehtiyatlı olun, yeni təzyiq forması gəlir

May ayının 11-də Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə dövlət strukturlarıyla mətbuatın münasibətlərinə həsr olunmuş geniş müşavirə keçirildi. Bu müşavirə haqqında mətbuatda geniş məlumatlar da öz əksini tapdı. Bu müşavirəyə, bir baxıma mətbuat xidməti işçilərinə aparat səlahiyyətlisi tərəfindən verilən dərs də demək olar. Çünki, əsasən Ramiz Mehdiyevin çıxışı üzərində qurulan tədbirdə mətbuat xidməti işçiləri həm tənqid olundu, həm də mətbuatla əlaqələrin düzgün qurulması istiqamətində bəzi fəndlər öyrəndilər. Bunların heç biri ilə işim yoxdur. Nə onlara öyrədilən fəndlərə əlavəm var, nə də ifadə olunan tənqidlərə. Ancaq…

Ancaq… bu tədbirin nə məna kəsb etdiyinə baxmaq lazımdır…

Birincisi, həmin tədbir ilk baxışda özünütənqidin bir ifadəsi idi.

Çünki, tədbirdə səsləndirilən fikirlər əsasən mətbuatla əlaqələrdə yaşanan problemlərdə dövlət orqanlarının təqsirkar olduğu etirafı üzərində qurulmuşdu. İllərlə dövlət orqanlarının mətbuata təpədən baxışını müşahidə etdik. Mətbuata qarşı saymazlığın nəticələrindən ən ağırı isə qərəzli jurnalist üslubunun qol-qanad açmasıydı. Beləcə, mətbuata ciddi yanaşmayan bir dövlət eyni zamanda həm öz peşəsini lazımi səviyyədə yerinə yetirə bilməyən, həm də öz peşəsinə ciddi yanaşmayan bir jurnalist ordusunun formalaşmasına rəvac verdi. Amma jurnalistika peşəsində yaşanan dərin böhranla yanaşı, çox ciddi informasiya qıtlığından da əziyyət çəkdik. Nazirliklərdə bəzən telefonla danışacaq adam belə tapılmadığı vaxtlar oldu.

İkincisi, bu tədbir mətbuata yeni baxışın formalaşdırılması barədə ilkin siqnal sayıla bilər.

Artıq jurnalistika dövlətin və hakimiyyətin siyasi mənsubiyyəti, tənqidin məzmunu və hədəfini əsas gətirərək üz döndərəcəyi bir peşə sayılmamalıydı. Mətbuat hakimiyyətin düşmanı deyildi. Amma dostu da deyildi. Bax bu məqamda isti münasibətlərin qurulması yoluyla soyuq müharibənin sonlandırılması vaxtı gəlib çatmışdı. Jurnalistikanı, mətbuatı özünə düşman etmiş bir strukturun daxildə və xaricdə səmimi dost tapması gözlənilməməliydi. Ayrıca, mətbuat dövlətlə xalq arasında körpü rolu oynama potensialı baxımından ən əhəmiyyətli bir sivil qurum ikən bu qurumun informasiya ehtiyacı qarşılanmalıydı. Necə ki, informasiya mətbuatın, jurnalsitikanın həyat mənbəyisə, eləcə də demokratik cəmiyyətlərdə idarəedici strukturların legitimliyini və inandırıcılığını təmin edən zəruri bir qidadır. Elə buna görə də srağagünkü müşavirə ilk dəfə mətbuata yeni bir baxışı ifadə edirdi. Artıq mətbuat filan partiyanın, filan qrupun, filan şəxsin mətbuatı olmaqdan çıxmış, ictimaiyyətlə əlaqələrin qurulmasında və dövlətin özünü xalqa ifadəsinda körpü rolu oynayan bir vasitəyə çevrilmişdi. Ramiz Mehdiyevin çıxışında bu baxışın formalaşmağa başladığını oxumaq mümkündür.

Üçüncüsü, bu müşavirə, potensial olaraq, informasiya əldə etmə prosesində yaşanan çətinliklərin aradan qaldırılması üçün təkan rolu oynaya bilər.

Üstəlik, bu rolu dövlət başçısının son vaxtlar mətbuat və jurnalistlərin normal fəaliyyətinə müsbət yanaşmalı çıxışları ilə birlikdə düşünmək də olar. İndiyə dək dövlət strukturlarında mətbuat xidməti nə yazıq ki, tam mənasıyla formalaşmış sayılmaz. Adətən mətbuat xidmətləri jurnalistlərdən gələn müraciətlər əsasında fəaliyyət göstəriblər. Bu belə, çox vaxt, mümkün olmayıb. Xidmətə rəhbərlik edən şəxsləri tapmaq ən müşkül məsələlərdən birinə çevrilib. Daha da maraqlısı mətbuat xidmətləri öz rollarını, vəzifələrini, bu vəzifənin ictimai maraqlar baxımından vacibliyini lazımi səviyyədə nə başa düşüblər, nə də öz rəhbərlərinə başa salıblar. Jurnalistlər üçün açıq görülən qapılar həmişə bağlı çıxıb. Mətbuat xidməti işçilərilə keçirilən müşavirə də onların xidmətinə verilən qiymət baxımından mənalı sayıla bilər.

Dördüncüsü və hələlik sonuncusu, hətta ən əhəmiyyətlisini isə bu sözlərlə ifadə etmək istəyərdim: “jurnalistlər ehtiyatlı olun, yeni təzyiq forması gəlir”.

Artıq daha ayıq olma vaxtıdır. Söz yox, bu təzyiq nə senzor qayçısı kimi işə düşəcək, nə də kiminsə həyatına bais olacaq. Necə ki, elə Mehdiyevin özü demişkən, “…demokratik cəmiyyətdə ictimai fikrə təsirin metodları yenidir…” Sözü gedən müşavirənin elə can damarı da bu sözlərdə gizlənib. Təbii olaraq hakimiyyətin maraq dairəsi ictimai fikrə təsir dairəsi ilə üst-üstə düşür. Bu günə qədər mətbuat xidmətindən məlumat ala bilməyən, hətta qapısına yaxınlaşmayan jurnalist üçün qapılar açıqdır. Amma qapının arxasında isə həmin maraq – ictimai fikrə təsir dairəsi var. Bundan sonra jurnalist ya o dairənin içindən keçib ictimai fikrə təsir mexanizminin bir alətinə çevriləcək, (təzyiqə məruz qalacaq) ya da bacarırsa o dairənin sağından-solundan sıyrılıb öz peşə məqsədinə nail olacaq, (özünü təzyiqdən qoruyacaq) ya da elə köhnə hamamda oturub köhnə tasla oynamağa davam edəcək (özü özü üçün jurnalistlik edəcək).

Mən bunu yeni bir təzyiq forması sayıram. Kaş mətbuatımızın və jurnalistikamızın tək dərdi belə təzyiq olsa…

Hə, bu arada, elə başa düşməyin ki, yuxarıda “birincisi” deyə başlayıb “dördüncüsü” deyəndə dayandığım və o ikisi arasında yadıma düşüb qeyd etdiklərim Azərbaycanda baş verir. Kaş… Hələlik səs müşavirədən gəlir. İşə gəldikdə isə, gözləyib onu da görəcəyik…

Rizvan Qənbərli

mediAnaliz arxivindən

You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.

Şərhlər bağlıdır.