“Jurnalistika işsizlərin iş yerinə çevrilməməlidir”

Xəzər” qəzetinə müsahibə
M. SƏTTAROVA

RİZVAN QƏNBƏRLİ: “AZƏRBAYCANDA OXUCUYA EHTİYACI OLAN, EYNİ ZAMANDA OXUCUSUNDAN UZAQDA DAYANAN BİR MƏTBUAT MÖVCUDDUR”

Araşdırmaçı-jurnalisi Rizvan Qənbərli jurnalistikaya dair 3 kitabın müəllifidir. “Media və Səhiyyə”, “Azərbaycanda jurnalist və jurnalistika” kitabları Türkiyədə işıq üzü görüb. Təxminən 10 gün öncə isə Azərbaycanda müəllifin “Jurnalistin əl kitabı” adlı üçüncü bir kitabının təqdimatı olub. Ankara Universitetinin jurnalistika fakültəsinin məzunu, hazırda bu təhsil ocağının doktorantı olan Qənbərli uzun müddət Türkiyənin nüfuzlu QHT- lərindən bririnin ictimaiyyətlə əlaqəlar şöbəsinə rəhbərlik edib. Türkiyə mətbuatının durumuna yaxından bələd olan həmsöhbətimiz 130 illik yubiley ərəfəsində olan ölkə mətbuatının vəziyyətini də Türkiyə və Avropa mətbuatının baxış nöqtəsindən şərh etməyə çalışıb.

- Azərbaycan mətbuatının bu günkü durumunu necə qiymətləndirirsiniz?

- Mətbuatda ötən illərin təcrübəsi hələ də öz təsirini göstərməkdədir. Bu, ötən əsrin 80-ci illərinin sonlarında başlayan milli-azadlıq hərəkatının qoyduğu izdir və bu təsirin nəticəsi olaraq hadisələrə ideoloji və siyasi çərçivədən yanaşan jurnalist tipi formalaşıb. Bu jurnalist tipi mətbuatda hələ də öz populyarlığını davam etdirdiyi kimi, səksəninci illərdə formalaşan müxtəlif qüvvələrin siyasi mübarizəsi də mətbuata və jurnalistikaya öz təsirini göstərməkdədir. Bundan əlavə, mətbuatın iqtisadi vəziyyəti də qənaətbəxş deyil. Kiçicik istisnalar olmaqla, mətbuat bütövlükdə hələ də müstəqil bir biznes struktur kimi formalaşmayıb. İctimaiyyətin maraqlarına xidmət edən, amma bunu biznes fəaliyyəti kimi formalaşdırmağı bacaran mətbu orqan arzumuza hələ ki, çatmamışıq. Ancaq hazırda ölkə mətbuatı peşəkarlığa doğru gedən bir prosesin içərisindədir. Hələlik tam hədəfə çatmasaq da, çox güman ki, bu proseslər milli mətbuatımızın peşəkar standartlara yerləşməsi ilə nəticələnəcək.

- Bu gün ölkə mətbuatı öz funksiyasını yerinə yetirə bilirmi?

- Xəbər jurnalistikanın əsasıdır və təbii ki istər informasiyalar, istərsə də digər məlumatların oxucuya çatdırılması həm də maarifləndirmə funksiyasını yerinə yetirir. Ancaq əfsuslar ki, bu gün mətbuatımız əsas vəzifəsini icra edə bilmir. Məlumat toplanılmasında müxtəlif problemlər mövcuddur. Rəsmi səviyyədə mətbuat xidmətlərinin tam formalaşmaması, ayrı-ayrı dövlət məmurları, hətta cəmiyyətin demokratik strukturu saydığımız QHT-lərdə də mətbuatla professional əlaqələr qurulmayıb. Ancaq jurnalistikanın özündə də müəyyən problemlər var. Məlumat verməli olan mənbələrin jurnalistikaya, jurnalistlərin özlərinin isə məlumat əldə etmə prosesinə qeyri-ciddi yanaşmaları problemin yaranmasına təsir göstərən əsas amillərdəndir.

- Sizcə, bu gün Azərbaycan mətbuatı nüfuz qıtlığı yaşamır ki?

- Azərbaycan mətbuatının əski nüfuzundan demək olar ki, əsər-əlamət qalmayıb. Süni yollarla jurnalistikanın nüfuzunun qalıdırılıması mümükün deyil. Qələm sahiblərinin özləri bu problemi həll edə biləcək güclü potensiala sahibdirlər. Jurnalistika işsizlərin iş yerinə çevrilməməlidir. Jurnalist yetişdirilməsini qrant hesabına başa gələn layihələrin də öhdəsinə buraxmaq olmaz. Qəzetlər mütəxəssislərin yardımı ilə xüsusi jurnalist yetişdirmə proqramı hazırlayıb həyata keçirməlidir. Mətbuatın probleminin bir hissəsinin məsuliyyətini özündə daşıyan təhsil ocaqları da prosesdən kənarda qalmamalıdır.

- İnkişaf etmiş ölkələrdə mətbuat hansı vəzifəni yerinə yetirir?

- Azərbaycan jurnalisti və ictimaiyyəti ilə Avropa jurnalisti və ictimaiyyətinin jurnalistika peşəsinə yanaşma tərzində bir fərq var.

Azərbaycan o ölkələrdəndir ki, peşəkar jurnalistə peşəkarlığını göstərmək imkanı yetərincə deyil. Ancaq unutmayaq ki, müstəqil mətbuatımızın fəaliyyət dövrü cəmi15 ildir. Bu illər ərzində görülənləri qənaətbəxş saysaq da, daha çox iş görə bilərdik. Belə olsaydı, bu gün “peşəkarlığı necə təmin etmək olar” mərhələsini adlayıb, “jurnalistikaya keyfiyyət standartlarını necə tətbiq edə bilərik” sualını müzakirə obyektinə çevirərdik. Məncə, buna potensialımız da vardı. Sadəcə 2000-ci ilin əvvələrindən mətbuatda hiss olunan qığılcım közərmədi. Son 5 ildə ölkədə yaşanan 2 seçki prosesi də buna müəyyən təsirini göstərdi.

Bu gün peşəkarlıq baxımından jurnalistikamız Qərb təcrübəsinə uduzsa da, bu təcrübəni özünə hədəf götürüb. Qərb mətbuatında heç bir siyasi qüvvənin mətbuat üzərində birbaşa nəzarəti yoxdur. Bu ölkələrdə də ideoloji qəzetlər var. Ancaq ideologiyanı özününküləşdirmək, mənimsəmək qüvvələr yox, görüşlər nisbətindədir. Azərbaycanda jurnalist və informasiya istiqamətləndirilir. Bu tendensiya qəzetçiliyin əhəmiyyətini gözdən salır. Qəzetlərdə gedən xəbərlər əksər hallarda siyasi və iqtisadi maraqlara xidmət edir. Qərb mətubatında bu, peşəkarcasına edilir və jurnalistikanın peşəkar maraqları mütləq öndə olur. Qərb ölkələrində, Avropada siyasi qüvvələr jurnalistikanın peşəkar maraqlarına əməl etdiyi halda, bizdə bu qüvvələr peşə marağını öz prisiplərinə tabe etdiriblər.

- Türkiyə mühitinə yaxından bələd olan bir şəxs kimi, Azərbaycan və Türkiyə mətbuatının fərqli cəhətləri barədə nə deyə bilərsiniz?

- Türkiyədə kimsə jurnalistikaya işsizlikdən gəlmir. Odur ki, Azərbaycan mətbuatında gedən xəbərləri Türkiyə oxucusunun hansısa diletant qüvvənin bəyanatı kimi qəbul etməsi təbiidir. Türkiyə mətbuatında xəbərlərin ciddi, ağır dili, standartlaşmış formatları var. Türkiyə mətbuatının oxucusu aludə olan, bizim oxucular isə həvəskardır. Türkiyə mətbuatında, televiziyasında bir markalaşma var. Xəbərlər bülletenləri kanallarda eyni vaxtda getsə də, bir kanalın baxıcısı digər kanalın xəbərlərinə baxmağı özünə rəva görmür. Milli mətbuatımızda hələ də markalaşma yoxdur. Oxucu kütləsinin jurnalistikanın maraqları çərçivəsində təşkilatlandırılmasında çox böyük problemlər mövcuddur. Azərbaycanda oxucuya ehtiyacı olan, eyni zamanda oxucusundan uzaqda dayanan bir mətbuat mövcuddur. Problemin aradan qaldırılması üçün medianın ictimaiyyətlə əlaqalər strategiyası qurulmalıdır.

- Çağdaş mətbuatın problemlərindən biri də məmur-mətbuat çəkişməsidir. Problemin həlli yollarını nədə görürsünüz?

- Dünyanın hər yerində mətbuat xidmətləri jurnalistlərə, Azərbaycanda isə jurnalistlər mətbuat xidmətlərinə möhtacdırlar. Mətbuat xidmətlərinin fəaliyyətlərinin əsas hədəfi təmsil etdikləri qurumların fəaliyyətini kütləyə çatdırmaq olmalıdır. Bunun üçünsə əsas vasitə mediadır. Jurnalist məmurdan asılı vəziyyətdə olmamalıdır. Ancaq bu gün dövlət strukturları, ayrı-ayrı məmurlar, QHT-lər mətbuata, jurnalistlərə tələbatı hiss edir və bu ehtiyacı professional qaydada təmin etməyin yollarını arayıb-axtarırlar. Artıq bu istiqamətdə müəyyən işlər də görülür. Ancaq çox zaman olduğu kimi yenə də gecikirik.

- İnkişaf etmiş ölkələrdə mətbuata biznes vasitəsi kimi baxırlar. Bu, mətbuatın öz missiyasını yerinə yetirməsinə mane olmur ki?

- Jurnalistin peşə fəaliyyətinin qəzetin biznes maraqlarına istiqamətləndirilməsi jurnalistikanın əxlaq qaydalarına ziddir. Ancaq bu heç də o demək deyil ki, mətbu orqan özünü biznes strukturu kimi formalışdıra bilməz. Biznes strukturu kimi formalaşan, öz funksiyasını, biznes strategiyasını müəyyənləşdirən və tətbiq edən qəzetlərə ehtiyac var. Qəzet öz markasını yaratmalı və bu markaya uyğun reklam auditoriyası müəyyənləşdirməlidir. Hər bir qəzetin özünün biznes planı olmalıdır. Oxucu tələbatı-reklam verənin arzusu və jurnalistikanın peşə qaydaları – üçü bir arada tətbiq olunmalıdır.

Xəzər qəzeti, 16 iyul 2005-ci il

Web link: http://www.xazar.az/rubrics.php?code=149

You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.

Şərhlər bağlıdır.