Xəbər mənbəyi

Xəbər mənbəyi, jurnalistlərin peşə həyatında əhəmiyyətli rol oynayırlar. Onların sayəsindədir ki, jurnalistlər çox mühüm məlumatları toplayır, işləyir və xəbərləşdirərək cəmiyyətə ötürür. Mənbə-jurnalist münasibətləri adətən bu mexanizm üstündə qurulur, çünki jurnalist bilir ki, məlumat almaqda inandığı, hər zaman əlaqə yaratdığı mənbelər yoxsa, peşə karyerası da o qədər kasaddır. Amma eyni zamanda mənbə də bunun fərqindədir və bəzən jurnalistlərin ona olan ehtiyacından istifadə edərək jurnalistləri də öz çirkli əməllərinə ortaq edə bilirlər.

Jurnalist-mənbə münasibətləri çox dərin bir mövzudur və bu barədə saysız öyüd-nəsihətlə qarşılaşmaq mümkündür. Amma bu yazıda mənbə-jurnalist münasibətlərində yaşanan və indilərdə gündəmdə olan bir başqa problemdən söz açaq.

Bəzi jurnalistlər xəbər mənbəyindən söz düşəndə onları “jurnalistlərin namusu” olaraq gördüklərini bildirirlər. Əlbəttə bu adlandırma müzakirəyə açıqdır, amma bununla yanaşı jurnalistikada çox ciddi mövzulardan biri haqqında düşünməyə vadar edir. Bu da jurnalistikada mənbə gizliliyidir.

Bilməyənlər üçün xatırlatmaqda fayda var: ”Taym” -ın müxbiri Mateu Kuper 17 iyul 2003 tarixli yazısında həm öz başını bəlaya salmışdı, həm jurnalistikada mənbə gizliliyi baxımından nümunəvi bir davranış ortaya qoymuşdu. Xəbərində Sİ-Ay-Ey agentinin adının ortaya çıxması “Taym”-ın əməkdaşını, xəbər mənbəyini açıqlamasını istəyən məhkəməylə qarşı-qarşıya gətirmişdi. Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən sorğuya çəkilən, təbii ki başlanğıcda bu sorğuya getməmək üçün dirənən və daha sonra sadəcə gizli mənbənin icazəsi ilə ifadə verməyə razı olan jurnalist xəbər mənbəyini açıqlamağı və şahidliyi rədd etmişdi. Bunun ardınca haqqında həbs qərarı belə çıxmışdı. Bundan əlavə “Taym” qəzeti də gündəlik 1000 dollar pul ödəməklə cərimələnmişdi. Amma jurnalist xəbər mənbəyinin gizliliyi prinsipinə sadiq qalaraq ABŞ-da və dünyada mənbə gizliliyi məsələsinə dair qızğın mübahisələrə də zəmin yaratmışdı.

Bütün məsələ mənbə gizliliyi prinsipinin jurnalistika praktikasında daşıdığı əhəmiyyətlə yaxından əlaqəlidir. Gizli mənbə əslində jurnalistikada çox da arzu olunan bir hal deyil. Hər şeydən əvvəl, jurnalist inandırıcılığına xələl gətirmə riski vardır. İkincisi isə, iş məhkəmə salonlarına cəlb olunduğu vaxt da, mənbə adının açıqlanmamağından yaranan hüquqi problemləri nəzərə almaq lazımdır .

Əslində mənbə gizliliyi jurnalistikada peşə əxlaqını da yaxından maraqlandıran bir mövzudur. Adının açıqlanmasını istəmədiyi halda mənbənin adının açıqlanması qeyri-əxlaqi peşə davranışlarına girər. Yenə çox uzağa getməyək, bu il Bi-Bi-Si telekanalıyla ingilis hökuməti arasındakı qarşıdurmanı xatırlayaq.

Yadınızdadırsa Bi-Bi-Si telekanalı bu il İngiltərə hökumətindən etibarlı bir mənbəyə istinadən “İraqda kütləvi qırğın silahlarının olmasıyla bağlı məlumatların şişirdilmiş” olduğunu bildirmişdi. Bu xəbər İngilis hökumətini qəzəbləndirmiş və Bleyr belə, bu qəzəbini gizlətməyərək “bu xəbərin mənbəyini bizə açıqlayın” demişdi. Amma telekanal bütün bu tələblərə mənfi cavab verərək mənbə gizliliyi prinsipinə sadiq qalmış və xəbər mənbəyinin adını açıqlamamışdı. Ta ki, İngiltərə Müdafiə Nazirliyinin müşaviri Dr. Devid Kelli’nin ölümünə qədər. Kəlli vəfat etdikdən bir müddət sonra, Bi-Bi-Si telekanalı mübahisəyə səbəb olan xəbərin mənbəyinin Kəlli olduğunu bildirmiş və xəbər mənbəyinin adını, onun ölümündən sonra açıqlamışdı. Təbii ki, Bi-Bi-Si-nin bu qərarı media dünyasını da ikiyə bölmüşdü. Bir qrup xəbər mənbəyinin adının ölümündən sonra açıqlanmasının doğru olduğunu, digər qrup isə, ölümündən sonra belə, mənbənin gizli tutulmasının vacibliyini qeyd etmişdi.

Mənbə gizliliyi prinsipinə sadiq qalmaq hər jurnalistin bacardığı bir məziyyət deyil. Amma Votergeyt skandalını ortaya çıxaran iki jurnalistin səbri də doğrudan da qibtə doğurur. Çünki, bu skandalı ortaya çıxaran həmin jurnalistlərin gizli mənbəyi hələ də bilinmir. ABŞ prezidenti Niksonun istefasıyla nәticәlәnәn Voterqeyt skandalını ortaya çıxaran iki jurnalistdən biri Bob Vudvard hadisəni araşdırdığı müddətdә әn әhәmiyyәtli xәbәr mәnbәyini gizli tutmuşdu, hәtta bu mәnbәyә “Dip Droat” deyә bir lәqәb vermiş vә bu adla hәmin mәnbәni mәşhur etmişdi. Bu gün belә “Dip Droat”ın kim olduğu bilinmir.

İndi maraqlıdır, Azərbaycan jurnalistikasında gizli mənbə problemi jurnalistlərin necə qarşısına çıxır? Mənə ələ gəlir ki, bu problem dəyəsən jurnalistlərdən çox ictimaiyyətin probleminə çevrilib. Gizli mənbə Azərbaycan jurnalistikasında daha çox “etibarlı mənbə”, “məlumatlı mənbə” və s. şablonlarla təzahür edir. Araşdırmağa ərindiyimiz məlumatları ya da ürəyimizə yatan, beynimizdəki ssenarini necə gəldi yazır, başına da bu şablonlardan birini yapışdırırıq. Sonra da adına “jurnalist araşdırması” dəyib qürrələnirik. Jurnalistika təhsili və praktikasında mənbə gizliliyindən söz düşəndə mənim yadıma Votergeyt skandalı və “Dip Droat” gəlir. Amma ələ ki, Azərbaycan jurnalistikasında gizli mənbə problemindən söz açılsın, onda da istər-istəməz yenə “Vaşinqton Post” qəzetindən Cenıt Cuku xatırlayıram. Niyə? Növbəti yazıda bu sualın cavabını verəcəyəm.

Rizvan Qənbərli

mediAnaliz arxivindən

7 sentyabr 2004

You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.

Şərhlər bağlıdır.