Jurnalist toxunulmazlığı və “Uniformalı jurnalist-2”
“Üçlər” blokunun mayın 21-də keçirdiyi etiraz aksiyasından reportaj hazırlayan “Zerkalo” qəzetinin əməkdaşı Fərid Teymurxanlı polis işçiləri tərəfindən döyülüb.
Hadisəyə münasibət bildirən bəzi yoldaşlar isə deyir ki, Fərid Teymurxanlı döyülərkən əynində Mətbuat Şurasının mitinqlərdə iştirak etmək üçün jurnalistlərə payladığı xüsusi gödəkçə olub. Bu isə jurnalistin toxunulmazlığını təmin edən bir geyimdir. Bax əsl narahatlıq doğuran məsələ də bundan ibarət imiş…
Mən də narahat oldum. Amma məni narahat edən başqa məsələdir…
“Zerkalo”nun əməkdaşı həmin gün hadisə yerinə gedərkən, böyük bir həvəslə Mətbuat Şurasının verdiyi gödəkçəni (bilirsiniz də, mən ona “uniforma” deyirəm) geyinib düşmüşdü yola. Xoşbəxtlikdən uniformanı geyinməyi unutmamışdı. Hətta, nə yaxşı ki, aksiyaçılar əvvəlcədən aksiya keçirəcəklərini, polis də əvvəlcədən dağıdacağını bəyan etmişdi ki, jurnalistlər Mətbuat Şurasının verdiyi gödəkçələri geyinib gəlsinlər. Yadıma gəlmir, deyəsən hələ bu gödəkçəni geyinmək qismət olmamışdı. Nə isə… Amma taleyin hökmünə bax ki, hansı ümidlərlə hazırlanan, necə təmtəraqla təqdim olunan və hansı həvəslə jurnalistlərin geyindiyi bu uniforma elə ilk imtahanındaca sinifdə qalmışdı. Polis baxmayıb geyimə-gecimə, təkcə polis uniforması xaric, qalan nə uniformalı şəxs varsa, əli yetənə, gücü çatana öz səxavət boxçasından pay verib.
İndi deyirlər ki, belə olmaz axı, siz jurnalisti döymüsünüz, həm də bizim verdiyimiz uniforma əynindəykən, üstündə də MŞ yazılmışkən, bu nə cəsarətdir, tapıbssınız, bu nə hörmətsizlikdir, törədibsiniz.
Burada bir xatırlatma yerinə düşər. Jurnalistlər üçün tikilmiş fərqləndirici gödəkçə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə layihəsi çərçivəsində hazırlanıb jurnalistlərə paylanmışdı. Həm də elə paylanmışdı ki, jurnalistlərin kütləvi iğtişaşlarda təhlükəsizliyini bundan gözəl təmin edəcək başqa yol olmadığı da deyilmişdi.
Bunu xatırladmışkən, düz 7 fevral 2004 tarixində yazdığım və elə bu saytdaca yerləşdirdiyim “Uniformalı jurnalist” başlıqlı məqaləm yadıma düşdü. O yazıda demişdim ki:
“Uniforma tek tip insanlara geyindirilir. Polise, herbçiye vs. Bu qüvvelerin hamısı üçün ortaq fealiyyet prinsipleri ve terzi var. Jurnalistikada bele deyil ki? Jurnalistin biri münaqişe esnasında döyülenlerin yaralarıyla maraqlanar, bir başqası ise yürüşçülerin polis qüvvelerine direnişiyle. Birisi üçün insanların polise atdığı daş çox önemli bir simvoldur, bir başqası üçün havaya atılan silah. Bir jurnalist üçün esas xeber menbeyi hadise yerindeki polis qüvvelerinin rehberidir, bir başqa jurnalist üçün ise ağır yaralanan övladının başının üstündeki gözü yaşlı anadır.
Siz bu jurnalistlerin hansına uniforma geyindirib hansını qorumaq isteyirsiniz, beyler?”
Elə beləcə soruşmuşdum. Sağ olsunlar, həmin vaxtlar fikrimə bir çox mənbədən dəstək gəldi. Amma elə gələn dəstək məktublarının özündə belə “sanki” deyə başlayan və “bəlkə”lərlə qurtaran ümid ifadələri də var idi. Var idi, çünki, ortada bir təhlükə varsa axtarib tapılası pənah yerləri də çox olur. Onlardan biri də, toxunulan jurnalisitin toxunulmazlığını təminat altına alan fərqləndirici geyim idi.
Bir ümid daha puça çıxdı. Uniformalı jurnalist polis tərəfindən döyüldü.
Üstündə MŞ yazılı zirehli forma icad etsək, bu döyülmə təhlükəsindən yaxamızı xilas edə biləcəyikmi?
Ya da hər redaksiya üçün tank alıb üstünə yekə hərflərlə MŞ yazıb, düz qənşərinə də lap yekə hərflərlə PRESSA yazdıqdan sonra Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirsəkmi?
Jurnalistləri müdafiə təşkilatları yerinə jurnalistləri müdafiə dəstələri qursaqmı? Onda Avropa nə deyər görəsən?
Bir də jurnalist döyülüb deyə Mətbuat Şurasını döyəsi deyilik axı. Yazıq şura, mətbuat heç kimi döyməsin deyə qurulmuş ikən (düzü, bundan əmin deyiləm) indi özü adam döyəsi deyil ki….
Ah Ah… Ah demişkən Azərbaycan hakimiyyəti yadıma düşdü… Baxın əvvəllər jurnalist döyülərkən heç kimdən səs çıxmırdı, indi polis orqanlarının rəhbərləri də günahkarları cəzalandıracaqlarını deyirlər. Bu də bir irəliləyiş sayılabilərmi?…
İrəliləyiş demişkən… Bu zəhrimara qalası mentalitet nə vaxt irəliləyəcək axı?
Jurnalist müdafiəsini ona gödəkçə paylamaqla bərabər tutmaq bizi hansı ali məqsədlərə xidmət edən bir prosesə aparıb çıxaracaq? Jurnalist toxunulmazlığını yarım metrə parçadan tikilmiş bir gödəkçəyə əmanət etməklə öz mentalitetimizi kimə və nəyə (niyəsini soruşmuram daha) əmanət edəcəyik?
Bu sualların cavablarını atıram yaxın kənara. İndi boğazına tikiş atılmış, ciddi xəsarət almış jurnalist oturub kimə qarğış edəcək: Polisəmi, Mətbuat Şurasınamı, yoxsa onun adı yazılmış və bilmirəm necə bir həvəslə geyindiyi “FƏRQLƏNDİRİCİ GEYİMƏ”mi? Ya da gələcək aksiyalarda jurnalistlər yuxarıda sadaladıqlarımın hansına arxayın olmalıdır, varmi bilən? Bəlkə oturaq, jurnalist toxunulmazlığını yenidən, səmimi şəkildə təsvir edək və bu yeni təsvirə uygun müdafiə metodları tapaq. Elə metodlar ki, müdafiə etdiyi jurnalisti uçuruma sürükləmədən inkişaf da etdirə bilsin…
Hə, mən fərqləndirici geyimə qarşı da deyiləm, bunu da biləsiniz. Kim nə istəyir geyinsin, özü bilər. Amma heç kim qalxıb ayağa, yarım metrə parçadan tikilmiş bir uniformanın, bağışlayın, FƏRQLƏNDİRİCİ GEYİMin jurnalist toxunulmazlığını təmin etməsindən dəm vurmasın. Daha deməsin ki, jurnalist toxunulmazlığı geyimdən asılıdır. Səmimiyyətimizi qoruyaq, simvolların dalınca qaçıb özümüzü simvola çevirməyək. Jurnalistikamız nə əziyyət çəkirsə, elə bu simvolizmdən yaxa qurtara bilmədiyimiz üçün çəkir.
Rizvan Qenberli
mediAnaliz arxivindən
23 may 2005
You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.



Şərhlər bağlıdır.