“Jurnalistikanı jurnalistlərdən başqa heç kəs xilas etməyəcək”
“Üç Nöqtə” qəzetinə müsahibə
Aynur Eyvazlı
Rizvan Qəmbərli: “Əsas məsələ Azərbaycan jurnalistikasIndan qopmadan qərb təcrübəsini öyrənməkdir”
Bu yaxınlarda “Jurnalistin əl kitabı” ictimaiyyətə təqdim edildi. Kitab jurnalistlər tərəfindən maraqla qarşılandı. Ən azı müəllifin fikirlərinə və jurnalistikanın prinsiplərinə yanaşma tərzinə görə. Həm də bu bir azərbaycanlının qərb nəzəriyyəsinə kifayət qədər bələd olan və ona əsaslanaraq yazmış olduğu əsər idi.
Rizvan Qəmbərli hazırda TUSİAB-ın ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edir. O, 1992-ci ildə Türkiyəyə təhsil arxasınca göndərilən tələbələrdəndir. Hazırda magistr dərəcəsinə qədər yüksəldiyi Ankara Universitetində doktorantura pilləsində təhsilini davam etdirir. 2000-2001-ci illərdə UMAQ Araşdırmaçı Jurnalistlik Vəqfinin təqaüdlü “Araşdırmaçı jurnalist” kursunu bitirib və eyni adlı sertifikatla təltif edilib.
Adını qeyd etdiyimiz kitab müəllifin üçüncü əsəridir. Bundan əvvəl R.Qənbərlinin Türkiyədə “Media və səhiyyə”, “Azərbaycanda jurnalistlər və jurnalistika” adlı elmi araşdırmaları da nəşr olunub.
- Rizvan bəy, Azərbaycan mətbuatı sizcə kənardan necə görünür? Onun pozitiv və çatışmayan cəhətləri hansılardır?
- Zənnimcə, Azərbaycan jurnalistikasını istiqamətləndirən əsas təsir qüvvəsi 1989-cu ildən başlayır. Bu prosesdə jurnalistikamızı dünya jurnalistikasında formalaşmış anlayışla qəbul etmədik. Başqa anlayışla – milli müstəqillik mücadiləsi ilə mətbuat formalaşmağa başladı. Müxtəlif təbəqələr var idi, hər təbəqə də özünüifadə vasitəsi kimi mətbuatı görürdü. Bu baxımdan Azərbaycan mətbuatı sanki dünya mətbuatından ayrı düşdü. Çünki bizim milli mətbuatımızın başlanğıcında heç bir siyasi cərəyan, siyasi partiya yox idi. Tamamilə bir məfkurə hərəkatının yaratdığı mətbuat var idi. Bizim jurnalistikamız da o istiqamətdə formalaşdı. Bu gün Azərbaycan mətubatının siyasiləşməsinin səbəbi də bundadır. Amma bu o demək deyil ki, dünya mətbuatı bu prosesləri keçməyib. Onlar daha əvvəllər bu tarixi yaşayıb. Azərbaycan mətbuatının dünya mətbuatı ilə ayrılan nöqtəsini göstərmək istərdim. Xüsusilə İngiltərə təcrübəsində mətbuat əvvəlcə dövlətin, sonra siyasi partiyaların, daha sonra müstəqil şəxslərin təsisçiliyində formalaşıb. Bizdə isə 15 ildir ki, həm dövlətin, həm siyasi partiyaların, həm də müstəqil şəxslərin mətbuatı var.
- Yəni paralel şəkildə.
- Bəli, bəlkə elə buna görədir ki, bizim mətbuatımız dünya mətbutaından bu cəhətlərinə görə ayrılır.
- Fərqli cəhətimiz elə budur?
- Medianın mülkiyyət strukturuna baxdıqda budur. Fərqləndirən çox amillər var. 4-5 ildir ki, medianın əksər başbilənləri professionallıqdan, peşəkarlıqdan danışır. Amma heç cür buna gəlib çıxa bilmirlər. İstər Qərb mətbuatını, istərsə də türk mətbuatını götürək,” jurnalistin peşəkarlığı” adlı aktual bir mövzu heç vaxt gündəmə gəlməyib. Türkiyədə jurnalistlər artıq işin təkmilləşdirmə mərhələsinin qayğısı ilə yaşayırlar. Bizdə isə işə necə başlamağın yollarını arayırlar.
Ona görə də Azərbaycan mətbuatının dünya mətbuatında hansı yeri tutması sualına cavab vermək bir qədər çətindir. Amma mənə elə gəlir ki, uzun proses olsa da, Azərbaycan mətbuatı sonuna nikbinliklə baxa biləcəyimiz bir yoldadır.
- Ötən ilin oktyabrından Azərbaycandasınız, qəzetləri mütaliə edərkən ilk təəssüratınız necə oldu?
- Dünya qəzetləri xəbəri ən sürətli ötürmək üçün gündə iki dəfə nəşr olunduğu bir vaxtda bizim qəzetlər texnoloji inkişaf baxımından hələ geridədir. Bu da iqtisadi səbəblər üzündəndir. Azərbaycanda jurnalistika təhsilinin də qənaətbəxş vəziyyətdə olduğunu düşünmürəm. 1990-cı illərə qədər sovet, ondan sonrakı dövrdə isə qərb nəzəriyyəsini öyrənməyə başlayıblar. Praktikanı nəzəriyyə ilə birlikdə öyrədə biləcək bütöv proqram müəyyənləşdirilməyib. Üzərində ciddi şəkildə durduğumuz prfessional kriteriyalar, xəbərin yazılması qaydasından tutmuş müsahiblə necə söhbət eləməyə qədər, telefonla danışıq qabiliyyətindən bir xəbərin araşdırılması qaydasına qədər … Amma bir məsələ də var ki, təhsil dedikdə, təkcə jurnalistika təhsili başa düşülməməlidir. Bir qəzet özü üçün iqtisadçı, səhiyyə təhsili almış şəxsi işə götürürsə, ona təcrübə keçməyə imkan verməlidir. Düşünürəm ki, qəzetlər ildə bir dəfə öz əməkdaşları üçün daxili, bir aylıq treninqlər keçirməlidir. Axı jurnalistika da inkişaf edir, biz bunu izləmədikcə, geri qaldıqca daha ciddi problemlərlə qarşılaşırıq. Əslində Azərbaycan jurnalistikasının məşğul olduğu problemlər çox bəsit və sadədir. Bu gün dövlət məmurundan informasiya ala bilməmək jurnalistlərin ciddi probleminə çevrilib. Ancaq jurnalistika baxımından bu heç də belə deyil. Yəni jurnalist nə olursa-olsun, informasiya verə biləcək şəxsi tapa bilər.
- Deməli, xırda məsələlərə başımızı o qədər qarışdırmışıq ki, böyük problemlər yaddan çıxıb?..
- Mətbuatda “gündəm” deyilən anlayış var. Təqib etdiyim ölkələr arasında Azərbaycan, bir də Rusiya mətbuatı bura daxil ola bilər, özü-özünü gündəmə gətirən, özü-özünü müzakirə edən, özü-özündən xəbər yazan başqa mətbuat görməmişəm. Deyəsən, bizim həmkarlarımız, içərisində tanıdığım qələm sahibləri də olmaqla, hay-küyü yaman sevirlər. Bu gün suyu, qazı, hətta məktəbi olmayan o qədər kənd, qəsəbə var ki, onlar barədə qəzetlərdə yazılara çox az-az rast gəlmək olur. Əvəzində jurnalist özündən yazır. Jurnalistin jurnalistika peşəsinə yanaşma tərzi dəyişilməlidir.
- Sizcə, biz H.Zərdabinin layiqli xələfləriyikmi? Milli mətbuatımızın 130 illiyi ilə əlaqədar mükafat, fəxri adlar alacağıq…
- H.Zərdabiyə layiq olmaq istəyən jurnalistlərimiz var. Bir çox redaksiyalarda, hətta ən radikal siyasi qəzetlərdə çalışan jurnalistlər arasında da buna can atan yazarlarımız var. Sadəcə bu yazarların layiq olduqları şəraiti yarada bilməmişik. Bunun günahkarlarından biri elə o layiq olan jurnalistlərin özləridir. Bilirsiz, jurnalistikanı jurnalistlərdən başqa heç kəs xilas etməyəcək. İstər dövlət çoxlu miqdarda maddi vəsait ayırsın, istər siyasi partiyalar qəzetlərdən əllərini çəksin, yenə də xeyri yoxdur. Əsas iş jurnalistlərin özündən başlayacaq və özündə də bitəcək. Əslində, bu iradə və qabiliyyəti Azərbaycan mətbuatının üzvlərində hiss edirəm.
- Ölkə başçısının 130 illiklə bağlı sərəncamında bildirilirdi ki, qələm sahibləri öz təkliflərini irəli sürsünlər. Sizin belə təklifləriniz varmı?
- Mənə elə gəlir ki, mətbuatla bağlı dövlətin, hakimiyyətin görə biləcəyi elə çox şey yoxdur. Söz azadlığı, informasiya azadlığı haqqında qanunumuz var. Qəzetlərin mətbəəyə olan borclarının ləğv olunması, jurnalistlərimizin evlə təmin olunması, bu peşədə əməyi olan şəxslərin mükafatlandırılması və s. tələb-təkliflər mənə absurd gəlir. Əgər qəzet özü-özünü maddi cəhətdən təmin edə bilmirsə, o, çıxmasa yaxşıdır. Belə mətbu orqanlar bağlanarsa, əslində jurnalistikamız udar. Mətbuatına və jurnalistikasına heç bir xeyir vermədiyi halda, qışqır-bağır salaraq “borclarımızı silin, bu qəzet bağlanarsa, çox ciddi hay-küy qopacaq”deyə qaraguruhçuluq edənlər uzağa gedə bilməzlər…
- 2001-ci ildə Türkiyə-Azərbaycan Media Araşdırmaları Mərkəzi (TAMAM) yaratmısınız. Qurumun bu iki ölkə arasındakı media əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki fəaliyyəti haqqında məlumat verərdiniz…
- Azərbaycandan fərqli olaraq Türkiyədə medianın ictimai rəyi istiqamətləndirməkdə gücü çoxdur. Bunun səbəblərindən biri işin professional şəkildə görülməsindədir. TAMAM Türkiyədə rastlaşılan bir çox problemlər üzündən yarandı. Dağlıq Qarabağ işğalı məsələsinə dair xəbərlərdə informasiya mənbəyi ya Ermənistan, ya da ermənilərin Türkiyədəki diaspor nümayəndələri olurdu. Adətən, Azərbaycanın səlahiyyətli şəxsləri, elm adamları mənbə kimi göstərilmirdi. İkincisi, Azərbaycan haqqında yanlış məlumatlar yayılırdı. Hətta Naxçıvan MR-i müstəqil dövlət kimi göstərən qəzetlər də var idi. Bu bilərəkdən, qəsdən deyil, tamamən bilgisizlik ucbatından idi. Elə TAMAM-ın da fəaliyyətinin bir istiqaməti bunların qarşısını almaqdan ibarətdir. Bu cür xəbər görən zaman səhv məlumatı inkar edən, necə yazmağın lazım olduğunu bildirən materialları hazırlayıb, həmin jurnalistin şəxsən özünə, yaxud qəzet rəhbərliyinə və ya Ankara təmsilçiliyinə təqdim edirdik. Bu isə bir çox türk jurnalistlərini Azərbaycan haqqında xəbər yazarkən daha ehtiyatlı olmağa sövq edirdi. Eyni zamanda türk mətbuatının monitorinqini keçirirdik.
-Rizvan bəy, Sizcə, jurnalistika ixtisasına yiyələnmək üçün xaricə tələbə göndərməyə ehtiyac varmı?
- Çox vacibdir. Qərb təcrübəsini kitablarla, treninqlərlə gətirməyimiz bir az uzun proses olacaq. Əvvəl-axır gələcək, amma uzun çəkəcək. Bu prosesi tezləşdirmək üçün qərb ölkələrinin təhsil sistemlərinə müraciət etməyə məcburuq. Buna ehtiyac var. İstərdim ki, tələbələr həmin ölkələrdə qalmasınlar, geri dönmək haqqında fikirləşsinlər, eyni zamanda Azərbaycanı, onun mətbuatını davamlı şəkildə incələyə bilsinlər, yoxsa, geri dönən zaman ciddi problemlərlə qarşılaşa bilərlər. Əsas məsələ Azərbaycan jurnalistikasından qopmadan qərb təcrübəsini öyrənməkdir. Belə kadrlara ehtiyac həqiqətən böyükdür.
“Üç Nöqtə”, 16 iyul 2005-ci il.
You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.



Şərhlər bağlıdır.