Mükafat sindromu
Milli mətbuatımızın yaranmasından 130 il ötdü. Paytaxtda eyni gündə, iki ayrı məkanda iki fərqli tədbirlə milli mətbuatımızın 130 illik yubileyi qeyd olundu. Tədbirlərdən ilkinin təşkilatçısı jurnalist təşkilatları, digəri isə dövlət orqanıydı. Hər iki tədbirdə də jurnalistlər mükafatlandırıldı. Hər iki tədbirdə də pulun, hədiyyələrin, şatafatlı adların izi vardı. Amma arada çox incə bir fərq var idi. Tədbirlərdən birincisində mükafatı alan da, verən də jurnalistlər özü idi. Mükafatlandırılanlar peşə fəaliyyətləri əsnasında ortaya qoyduqları konkret jurnalist məhsullarına görə, o məhsulları ələkdən keçirən peşəkar insanların rəyi ilə seçilmişdi. Aldıqları mükafat isə, üç-beş min manat və Media açarı deyilən simvolik bir hədiyyə idi. Yəni qısacası, tədbirə qatılanlar da, mükafat alanlar da, mükafat verənlər də əslində bir həmrəylik nümayiş etdirirdilər. İldə bircə dəfə, Həsən bəy Zərdabinin sayəsində, onun xatirinə.
Amma, o biri tədbir var ha… Azərbaycan dövləti milli mətbuatın yaranmasının 130 illiyi münasibəti ilə rəsmi bayram tədbiri keçirirdi. Hansı görüşə sahib olmasından asılı olmayaraq bu tədbirə bütün KİV nümayəndələri dəvət olunmuşdu. Yenə hansı cinahı təmsil etməsindən asılı olmayaraq çoxlu sayda redaksiyaya 10 milyon manat həcmində pul yardımı, “əməkdar jurnalist”, “əməkdar mədəniyyət işcisi”, “şöhrət ordeni” və “tərəqqi ordeni” kimi jurnalist mükafatları paylandı. Qısaca, bu tədbirdə də mükafat vardı. Mükafatı alanlar jurnalistlər, mükafatı verən isə jurnalistlər üçün xəbər mənbəyi, yəni dövlət idi. O dövlət ki, dünya təcrübəsində hər yerdə informasiyanı istiqamətləndirmək, jurnalistlərə şirin görünüb, saman altından su axıtmaq üçün dəridən qabıqdan çıxır. Elə bu məqsədlə də jurnalistləri hədiyyələrə qərq etməyi çox sevir. Və müqayisə etdiyim dünyadan fərqli olaraq, bizim ölkədə jurnalistlər bu hədiyyələrə qərq olunmaqdan ayrı ləzzət alır, ürəyində nə düşünür bilmirəm, amma dilindən çıxan ilk cümlə “jurnalist əməyinə verilmiş obyektiv qiymət” sözləri olur. İnsaf xatirinə, daha ilk günlərdən etiraz səsləri də eşitdik, müxtəlif tənqidlərə də qulaq asdıq. Amma, acınacaqlısı isə odur ki, etiraz və tənqid yiyələri peşə maraqlarıni deyil, mükafat veriləcəklərin kimliyini səbəb götürərək öz fikirlərini əsaslandırmağa çalışırdılar.
Başqaları tərəfindən təyin olunmuş və hətta çox vaxt medianın özünün belə müəyyənləşdirdiyi mükafat mexanizmi, peşə mənsubları və medianın işləyişi üçün təkərə çomaq soxmağa oxşayır. Əgər bu mükafatlar media orqanının özü və ya peşə təşkilatı tərəfindən və sadəcə jurnalistlərin konkret işləri çərçivəsində və yenə də sırf peşəkarlıq prinsiplərinə əməl etməyi qiymətləndirirsə, onda başqa. Biz oturub papağımızı çıxarmalı və belə bir mükafat mexanizmini, onu tətbiq edənləri alqışlamalıyıq. Bəs sırf populizm xatirinə, elə-belə, kimlərinsə könlünü almaq üçün, kimlərinsə cəsarətini tilova salmaq məqsədilə mükafatlar təyin edib ərmağanlar paylamağa başlayırıqsa?!
Mükafat Azərbaycan jurnalistikasında ciddi sindromdur, bəs xəstəliyin adı nədir?
Sindrom sözünün mənasını bilməyən yoxdur. Sindrom, tibb dünyasında bir xəstəliyi və ya narahatçılığı göstərən dəlillərə verilən addır. İndi Azərbaycan jurnalistikasında da yeni sindrom peyda olub və bu çox ciddi bir xəstəliyin təzahürü olaraq görünür. Azərbaycan jurnalistikasının mükafat sindromu, qiymətləndirilmə xəstəliyinin xüsusilə mətbuatımızı hansı ağır vəziyyətə gətirib çıxardığını göstərir. Jurnalistikanın və mətbuatın ən yaxşı mükafatı oxucu marağıdır. Mətbuatımız, bir sıra səbəblər ucbatından bu mükafatdan məhrum qalıb və qiymətləndirilmə qayğısı yaşayır. Özünə qiymət və qiymətverən axtaran jurnalistika, axtardığını peşəkar standartlarla əldə etmədiyi və ya edə bilmədiyi üçün qeyri-peşə standartlarına üz tutmalı olur. Elə bu qayğıdan da irəli gəlir ki, məmurlardan şantaj şirinliyi, dövlətdən isə mükafat umur. Öz funksiyasını yerinə yetirməyən, yetirə bilməyən və buna görə də oxucusundan didərgin düşmüş bir mətbuat öz əməyinə “obyektiv qiymət”i özgə qapılarda axtarır. Bax bu xəstəliyin və sindromun müalicəsi isə həkimlərdən yox, təəssüf ki jurnalistlərdən asılıdır.
Hələ harasıdı?
Jurnalistika fəaliyyəti öz peşə maraqlarından kənara çıxıb başqa hədəfə istiqamətlənirsə, orada çox ciddi zərbə alaraq geri qayıdır. Misal üçün dövlət tərəfindən verilən “…….. jurnalist” titulunu almaq üçün var gücü ilə çalışan bir jurnalist düşünün. Bu jurnalist var gücündən hara qədər və hansı dözümlülüklə istifadə edə biləcək? Və yaxud mətbuatın 130 illik yubiley tədbirləri çərçivəsində rayon icra hakimiyyətindən təptəzə bir volqa maşın bağışlanmış bölgə qəzeti “Kür”ün vəziyyətini düşünün. Həmin maşınla xəbər dalınca getmiş bir jurnalistin bu maşını hədiyyə etmiş şəxs və ya idarənin əlehinə olan bir hadisəni qələmə alacağını düşünürsünüzmü?
Bəlkə mənə inanmaq istəməzsiniz. Onda baxın görün “Vaşinqton Post” qəzetinin yazarlarından David Broder nə deyir:
“Ölkə başçıları və bütün siyasətçilər bizi hədiyyələrə qərq etməyi sevirlər. Bu cür tələlərə düşmək hər dəfə müstəqilliyin bir az daha itməsi deməkdir.”
Eşitdiniz və hələ də inanmadınızsa, onda bir də bu sözlərə baxın. Bu sözlər Azərbaycan jurnalistlərinin birinci qurultayında, Mətbuat Şurasının təsis edildiyi vaxt ölkə jurnalistləri tərəfindən qəbul olunmuş “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”nın 4.1. bəndindən götürülüb:
“4.1. Qiymәtli hәdiyyәlәr, pulsuz xidmәtlәr hәm jurnalistlәrin, hәm dә onların tәmsil etdiklәri informasiya orqanlarının adına xәlәl gәtirә bilәr. Odur ki, jurnalist daşıdığı vәzifәyә görә heç kimdәn qiymәtli hәdiyyә almamalı, yaxud özünә pulsuz xidmәt göstәrilmәsinә şәrait yaratmamalıdır.”
Hanı peşə əxlaq qaydaları?!
Bax belə, dünənə qədər uzun, lap uzun bir jurnalist növbəsi vardı Azərbaycanda. İndi isə növbədə başqa növbə dayanır. Gələn ilin mükafat növbəsi, mükafata layiq jurnalist olma qaydalarını öyrənmə və tətbiq etmə növbəsi, “əhdə vəfa” növbəsi və nəhayət jurnalistikadan getmək növbəsi…. Mükafat arzulayan hər kəsə mükafat və jurnalistikadan getmək növbəsi qismət olsun….
Sözardı: Bu yazını yazıb elə təzəcə sayta yerləşdirmişdim ki, maraqla izlədiyim “Media Forum” saytına belə bir xəbər düşdü ki, bəs “Azadlıq”, “Bakı-Xəbər” və “Yeni Müsavat” qəzetləri prezidentin verdiyi 10 milyon manatı almaqdan imtina ediblər. Alqışlamağa hazırlaşırdım ki, son cümlə bütün sevincimi alt-üst etdi. Demə adı çəkilən qəzetlər, imtinaya səbəb kimi hakimiyyətin mətbuata davamlı təzyiqlərini göstəriblər və belə sərəncamları mətbuata təhqir kimi qiymətləndiriblər. “Təzyiq yoxdursa mükafat məqbuldur”. Xahiş edirəm bu cümləm “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”nın 4.1. bəndinə əlavə olunsun.
Rizvan Qənbərli
mediAnaliz arxivindən
You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.



Şərhlər bağlıdır.