Ko-media
Bu yazı komediya haqqında deyil. Bu yazı əslində bir ko-media yazısıdır. Azərbaycan media aləmində yaşanan komediyaların bəziləri haqqında qələmə alınmış düşüncələrdir.
Komediyanın əsas xüsusiyyətlərindən biri güldürərkən düşündürə bilmə imkanlarına malik olmasıdır. Bir tərəfdən bizi güldürən amma diyər tərəfdən güldürdüyü qədər ağladan komediyalar indi özünə təzə məskən tapıb: Azərbaycan media dünyası. Elə buna görə də ölkə mediasında yaşananları bir ko-media olaraq adlandırmağı daha uyqun gördüm. İnciyənlər incisin, ancaq Azərbaycan media dünyasını da ələ ko-media dünyası adlandırmaqda hər hansı bir qəribəlik görmürəm.
Nədir ölkə mediasında yaşanan komediya?
Düşünün bir jurnalist, qələmindən çıxan hər sətrin, beynindən qopub dilə gələn hər ifadənin cəzasını zindanlarda çəkir. Jurnalistin söz azadlığı dəmir barmaqlıqlar arxasında özünə “sığınacaq” tapır. Bir ölkədə jurnalistin hər sözü, hər əməli onun “vətən xaini” əlan olunmasına belə gətirib çıxara bilir.
Rəsmi senzuranın ləğvindən sonra rəğbət görməyə başlayan məhkəmə salonları, susdurula bilməyən bəzi mətbu orqanlara gözdağı vermə salonuna çevrilib. Min bir çətinliklə boğuşan mətbuat, ən xırda bir fürsətdə məhkəmə salonlarında imtahana çəkilir. Əsla ödəmə imkanı olmayan bir rəqəmi ödəməklə cəzalandırılır.
Bir qəzet normal şəraitdə satışdan əldə edilən gəlirlə və reklam pullarıyla ayaq üstdə dura bilər. Amma bizim ölkədə nə istənilən kimi qəzet satıla bilir, nə də qəzetlərə reklam verən şirkətlər. Təbii ki, əyər ritorikanız bir müxalifət ritorikası isə, sizə reklam verən şirkətin də qurd ürəyi yeməsi lazım.
Jurnalistlər və kütləvi informasiya vasitələri xəbər toplaya bildikləri, informasiya əldə edə bildikləri zaman yaşaya bilərlər. Hər cəmiyyətdə olduğu kimi, ən böyük və maraq doğuran informasiya mənbəyi dövlətdir, onun idarəədici orqanları və səlahiyyətliləridir. Ancaq bu gün hər hansı bir dövlət orqanına və ya səlahiyyətlisinə müraciət etməyiniz ondan informasiya alacağınızın təminatı deyildir. Çünki müraciət etmə imkanlarınız belə, çox vaxt məhduddur.
İşin ən komik tərəfi, milləti təmsil edən millətvəkillərinin millətin problemlərini müzakirə etdikləri parlamentə belə, millət adına informasiya alma və yayma haqqına sahib jurnalistlərin girişi qadağan edilibsə, belə bir dünyanın adını ko-media sözündən başqa hansı söz gözəl ifadə edə bilər ki?!
Ko-media dünyasında nə İnsan Haqları Bəyannaməsi, nə Konstitusiya, nə söz azadlığı prinsipi işləyir. Əksinə bu dünyada Volteyrin 1763-cü ildə adını qoyduğu qaplan qanunu hökm sürür. Volteyr illər öncə belə dəyirdi: “Qaplan qanunudur bu. Yox, yox, ondan belə daha vəhşi. Qaplanlar sadəcə yemək üçün öldürərlər bir-birini. Biz isə bir-birimizi bir cümlə ya da abzas üçün parçalayırıq.” Ko-media dünyasında birisini tənqid etmək, “gözün üstündə qaşın var” dəmək, haqlı olsanız belə sizi qaplanların pəncəsinə ata bilər. Xoşuna gəlməyib qəzet basanlardan, yolda sizi görüb şillə-təpik altına salanlardan tutun da daha böyük düşünüb daha böyük işlər görərək sizi daha xudmani məkanlara düçar edənlərə qədər hər kəs bu ko-media dünyasının memarıdır. Bəs jurnalistlər? Onların da bu yeni dünyanın inşasında ən azı, memarlar qədər “əməyi” var.
Bütün bunlar medalın görünən tərəfidir. Görünməyənlər dünyasında da ko-media yoluna davam edir.
Düşünün, bir ölkədə media həmişə bir başqa şəxsə, bir başqa quruma, bir başqa cərəyana indekslənib. Media bu başqa şəxsin, qurumun, cərəyanın yedəyində hərəkətə keçən və ya dayanan bir quruma çevrilib.
Siyasətin öz arenasını itirdiyini də yaddan çıxarmayın. (Çünkü o arenada siyasət başqa qaydalarla cərəyan edir, əsla romantizm və idealizmə, hətta məntiqli bir siyasət kursuna belə yer qalmayıb). Yerini-yurdunu itirmiş siyasət ya “köhnə müxalifət” ya da qondarma “yeni müxalifət” öncülüyündə medianı özünə bir vasitə ədib. Ya da suyun o biri tayında olduğu kimi media “köhnə” ya da “təzə” iqtidarın bir vasitəsinə çevrilib.
Ko-media dünyası siyasət dünyasının arxa baxçasına çevrilib. Elə bir arxa baxça ki, lazım gələndə tikanları təmizlənir, lazım gələndə gülləri dərilir. Ancaq bu əməllərin heç biri medianın əməli deyil. Ola bilməz də: çünki baxça kiminsə, söz də, əməl də onundur. Geridə qalanların işi də ko-media dünyasında işi yağ kimi gedənlərin dəyirmanına su tökməkdir ki, onlar da bu gün belə, öz işlərinə “layiqiylə” davam edirlər.
Düşünün, bir ölkədə yerindən qalxan bir qəzet açır, ərizə yazmağı hələ öyrənməmiş biri jurnalist olmağa qərar vərir. Düşünün, ölkədə bir “media alveri” ayaq tutub yeriyir. reket jurnalistikasının modaya mindiyi bir dövrdə reket mətbuatı da bu “media alveri”nin baş qəhrəmanlarından birinə çevrilib.
Düşünün, qəzetlərin çoxu “əcəba bu xalq nə istəyir?” sualına yaxından və ya uzaqdan maraq göstərmir. Tərsinə yuxarıdan diqtə edilən göstərişlərlə müxtəlif maraq dairələrinin bir sözçüsü olan mətbuatla qarşı qarşıya qalmışıq.
Ko-media dünyası belə bir dünyadır. Belə bir dünyada jurnalistika getdikcə keyfiyyət və güc itirir. Bunun bir çox səbəbi var. Amma başlıca ikisi haqqında uzun uzadıya düşünmək lazımdır. Birincisi, jurnalistikanın acizləşməsi və öz ruhundan uzaqlaşmasında marağı olan qüvvələr var. Bü qüvvələr həm media daxilində, həm də kənar maraq dairələri içindədir. İkincisi isə, jurnalistikanı ucuzlaşdıran, gözdən salan “jurnalistlər” üçün, onların sevərək və sərbəst şəkildə at oynadacaqları bir meydan yaradılıb. Bu meydan ko-media meydanıdır. Hər çeşid eybəcərlik, hər çeşid gülünclük və hər çeşid peşə əxlaqsızlığı bu meydanda yuva qurub.
Düzdür, yuva yıxmaq adət-ənənələrimizdə yaxşı əməl sayılmır, amma ko-media meydanında salınmış yuvaları yıxmaq da böyük savab işidir. Bu savab, sahiblərini gözləyir.
Rizvan Qənbərli
mediAnaliz arxivindən
19.01.2004
You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.



Şərhlər bağlıdır.