Ekranın “gör” dediyi…
“Görən iqtidardır, ya görülməyən, yoxsa görünmədən görənmi?”
Michael Foucault
Oruell qorxurdu ki, haçansa kitabı qadağan edəcəklər. Hyuksli isə qorxurdu ki, buna heç lüzum qalmayacaq, çünki kitab oxumaq istəyən heç kim tapılmayacaq. Oruell həqiqətin gizlənməsindən, Hyuksli isə heç kimin həqiqəti vecinə almayacağından qorxurdu. Oruell ehtiyat edirdi ki, bizi nifrət etdiyimiz şeylər məhv edəcək. Hyuksli isə çəkinirdi ki, əksinə, bizi sevdiyimiz şeylər yoxa çıxaracaq. Neyl Postman kitablarından birində Oruellə Hyukslini bax belə dalaşdırır. Kitabın adı isə belədir: “Öldürən əyləncə: televiziya”. Bu ad bir anlığına insanı ürküdür. Televiziya həqiqətən də öldürən əyləncədirmi? 21-ci əsrin insanının qopmaq istəmədiyi televiziya görəsən Hyuksli qorxduğu kimi, bizi məhvəmi sürükləyir?
Bir müddətdir, elə bil ki, cəmiyyət özünü qəfəsdə hiss edir. Kanallarımızdan biri hansısa əcnəbi firmaya bir ətək pul töküb, efir haqqını aldığı bir verilişi “evrika” deyərək gətirib bizim ekranlara. Adını da qoyub “Qəfəs”. Beş-on cavan qız-oğlanı doluşdurub bir evə, nə yeyirlər, nə içirlər, nədən danışırlar, niyə dalaşırlar, başlayıblar bunu bizə göstərməyə. Camaat isə ərinmədən, çəkinmədən keçib ekran qarşısına, baxır, baxdıqca SMS göndərir, göndərdikcə bu mənasız yarışın bir iştirakçısına çevrilir.
Hamı elə bil ki, and içib “qəfəs”dəkilərdən qəhrəman düzəltməyə. Necə ki, indiyədək “yeni ulduz”lar, “azəri star”lar, “əməkdar artist”lər, “nəbilimnə”lər və s. duzəltdiyi kimi. İntellektual səviyyəsini ucuz şoularda sınağa çəkən, özünü saç düzümüylə, baxışıyla, duruşuyla, geyimiylə, müqayisə edən, dözümlülüyünə maşına toxunub ayaq üstə durmaqla nümayiş etdirən, çoxbilmişcəsinə ehkam kəsənlərin arasındakı yarışa azarkeşlik edən cəmiyyət, ekranın əsirinə çevrilib. O ekran ki, hamının hər gün yaşadığı adi davranışları “ulduzcuq”ların ədası və təbii ki “media professionalları”nın nidası ilə cəmiyyətə “yenilik”, “zövqün nişanəsi” kimi sırımağa çalışır. Kimdir günahkar: ekranmı, ekrana hökm edənlərmi, yoxsan ekranın cazibəsinə aldanıb boyun əyənlərmi?
Mənanın cazibəsi, cazibənin mənasızlığı
Cin Boudrilard türkcə tərcüməsini oxuduğum “In the shadow of the silent majorities” (Səssiz çoxluqların kölgəsində) adlı əsərində kütləni hec bir məna tələb etməyən, sırf göstəriş və görüntü istəyən, görünüşə sitayiş edən çoxluqlar olaraq görür. Həm də belə bir misal çəkərək: Alman vəkilin haqsız yerə Fransadan qovulduğu gecə, bu hadisəyə bir neçə yüz insan etiraz edərkən, həmin gecə 20 milyon fransalı ekran qarşısında yığma komandanın matcına baxırdı. Duzu, bizim ucun də yad ornək deyil. Kimsə qiymətlərdəki bahalaşmaya etiraz etməzkən, çoxlu sayıda insan “Qəfəs” verilişinin canlı yayımında iştirak etmək üçün növbəyə dura bilir. Seçkilərdə səs verməyi özünə cəfa sayanlar, “əli qəfəsdən cıxmasın, vəli ulduz olsun” deyə SMS göndərə bilirlər.
Bu misallar həqiqətən də insanı ürküdür. Amma postmodernist Baudrillard və onun fikirdaşları deyir ki, qorxmayın. Hətta üstümüzə də çımxırır ki, bəs siz kütləyə xor baxırsınız. Ona görə kütlənin, diqtə edilən mənanı rədd edib, göstərişin dalınca qaçması əslində iqtidara qarşı bir dirənişdir. Kütlə, iqtidarı ciddi qəbul etmədiyini bu yolla göstərməyə çalışır. Oxşar yanaşma Pol Buassacın fikirlərində də hökm sürür. O da deyir ki, həqiqəti yaradan və beləcə hisslərimizi istiqamətləndirən bütün əyləncə və sənət növləri qaydaları pozma təşəbbüsüdür. İnsanların göstərişdən aldığı zövq əslində qaydaları pozma istəyinin örtülü ifadəsidir. (Sözün geniş mənasında) iqtidarla cəmiyyət arasında Baudrillard və onun kimilərin fərz etdiyi bu cür “postmodernist dirəniş” Azərbaycan üçün nə dərəcədə doğrudur? Bax bu şəxsən mənim üçün qaranlıqdır və müzakirəyə dəyər mövzudur.
Amma çox acıqdır ki, insanlar vasitənin nə dediyinə tənqidi yanaşmaq yerinə, vasitənin öz cazibəsinə aldanmağa meyllidirlər. Tamaşaçı soruşmur ki, axı bu cavanları bir evə tıxışdırıb, onların yediyini, içdiyini, baxışını, duruşunu bizə niyə göstərirlər? Demir ki, nə düşüb axı bu uşaqlara, əllərini maşının üstündən çəkmirlər? Əksinə, o, özü kimilərin həyatına oturduğu kreslodan tamaşa etməyinə, özgəsini güdməyinə şərait yaradan ekrana minnətdar olmaq üçün özünü borclu hiss edir. Bir sözlə, ekranın cazibəsinə əsir olur. Çünki cazibə məna tələb etmir.
Televiziyanın işlədiyi səviyyə mənasızlaşdırılmış cazibə səviyyəsidir. Bu səviyyədə qaldığı müddətdə ekran, tamaşaçısını narahat etmir, məna ilə yormur, ona əziyyət çəkdirmir, problemlərindən uzaqlaşmağına, əylənməyinə, boş vaxtını keçirməyinə kömək edir. Və biz isə mənadan qaçarkən özümüz uyuşdurduğumuzu, əylənmək istəyərkən problemlərimizin həllini təxirə saldığımızı, boş vaxtımızı keçirirkən əslində ekran üçün həyatımızda boş vaxtlar acdığımızı unuduruq. Bax ekranın cazibəsi budur.
Ekran bizə nə verir?
Ekranın cazibə səviyyəsi mənanı yox edib, bizi ucuz şouların dalınca qaçırdır. Və nəticədə həmin ucuz şouların dili bizim gündəlik həyatımızın dilinə çevrilir. Realiti şoular televiziyanın efir müddətinin ən əhəmiyyətli zaman kəsiyini işğal edir. Həmin realiti şoular ki, artıq media ədəbiyyatında onlara “ekranın kokaini” deyilir. Amerikan Fox 9 telekanalı qadınları “bir milyonerlə evləndirəcəyini” elan etdiyi vaxt kanalın telefon xətləri tıxanır. Amerikalı professor Salemo saçını-başını yolur ki, televiziya olmasaydı, ABŞ-da ildə 10 min cinayət və 700 min təcavüzə mane ola bilərdik. Fransız yazıçı Anna Breqons qışqırır ki, “televiziya cəmiyyətin AİDS-idir”. Qərb telekanallarında talk-şoulardakı dialoqlar isə adamı dəli edir: “Aman Allah, yoxsa mənim itim homoseksualdırmı”, “uşaq istəyirəm, amma ərsiz”, “qızımın sevgilisindən xoşum gəlir”. Azərbaycan teleməkanında da gedən dialoqlar qərb teleməkanındakı dialoqlardan geri qalmır. Ekranımızda soyunmanın metafizikasından belə danışılır.
İndi ekranın məsum üzü arxasında gizlənən dağıdıcı, yıxıcı missiyanı görməmək mümkün deyil. Amma bu o demək deyil ki, ekran cəmiyyətin afyonudur. Əksinə, kütləvi informasiya vasitələri bu gün deformasiyaya uğradığı qərb ölkələrində belə əlahiddə ictimai proseslərin mərkəzində olub, ən azı, ona bu gözlə baxıblar. Con Hartli “televiziya, hər hansı bir millətin, vətəndaşları üçün üzərində qurulduğu əsas məkandır” deyir. Yəni teleməkan milli kimliyin formalaşdığı məkan kimi görülüb. Martin Barberoya görə, milliyyətçilik kütləvi informasiya vasitələrinin kütləni xalqa, xalqı millətə çevirmə rolu ilə möhkəmlənən bir duyğudur. Stüart Holl da oxşar şəkildə, BBC telekanalı ilə ingilis milli kimliyi arasında birincisinin qurduğu pozitiv bir bağdan söz edir.
Belə olan vəziyyətdə ekranın bizə nə verdiyi ilə bizdən nə aldığı arasında dərinləşən uçurum, ictimai olan nə varsa, axırına çıxır. Mediaya romantik, utopist, lap elə funksionalist yanaşma belə, ekranın gündəlik həyatımızda işğal etdiyi yeri təmizə çıxarmır. Çünki ekran ictimai libası altında bizi fərdiləşdirir, özgəsini özümüzləşdirir, özümüzü özgələşdirir.
Başqasının başqası
Azərbaycan kimi ölkələrdə insanın özünün nə düşündüyü özü üçün əhəmiyyət daşımır. Təzə paltar alanda belə, ayna qarşısında o özünə başqalarının gözü ilə baxır: Görəsən bəyənəcəklərmi? Kim hansı addımı atırsa atsın, beynini qurcalayan ilk sual belədir: görəsən nə deyəcəklər? İctimai şüurun məncil seçimlər üzərində qurulması insanı özü üçün özü ilə deyil, başqası üçün başqası ilə yaşamağa məcbur edir. Bu məcburiyyət xəstəliyinin tək resepti isə ekrandır. Ekran bizə başqasının hisslərini, başqasının həyatını, başqasının hərəkətlərini göstərir. Bundan əlavə, televiziya izləmək, Coşua Meyrovitsin dediyi kimi, başqalarının nəyə baxdığını izləməkdir. Elə buna görə də, biz ekrana baxa-baxa, başqalarının nəyə baxdığından dərs ala-ala özümüz üçün mövqe seçirik. Nəyə baxıb nəyə ağız büzəcəyimizə qərar veririk.
Başqasının başqası ekranda müxtəlif görünüşlərlə peyda olur. Misal üçün, “Qəfəs” yarışında olduğu kimi. Tamaşaçıların ekran qarşısında qıfıllanıb qalmalarını ancaq bu söz izah etmə qüdrətindədir: güdmək. Güdən bir cəmiyyət, onun yerinə güdən televiziya. Bu şou tamamən tamaşaçı kütləsinin bir neçə nəfərin yaşayışını güdməsi fəlsəfəsi üzərində qurulub. Pərdəni azca aralayıb qonşuya gələn yad adamı süzərək “ay qız bu kimdir” deyən Fatmanisə xalayla bir əlində pult, bir əlində də telefon, “Qəfəs”ə baxıb SMS atan Fatmanisə xala eyni insanlardır. Dəyişən sadəcə görünüşdür. Medianın yaratdığı, dəyişiklik qatdığı görünüş.
Əslində “qəfəs” formatlı şoular bir neçə il bundan əvvəl çəkilən “Truman Show” filmindən ilham alınaraq ekranlara transfer olunan əyləncə yarışlarıdır. Baş rolunu Cim Kerri oynadığı bu filmdə, anadan olmasından etibarən bütün həyatı kameralar tərəfindən çəkilən amma bunun fərqində olmayan, yaşadıqlarının bir teleserial olmasından bixəbər adamın hekayəsi nəql olunur. Cəmiyyətdə baş alıb gedən güdmə arzusunun ifrat səviyyəsi və həmin səviyyədə medianın, kameranın canfəşanlığı öz əksini tapır.
Ekranın həqiqəti
Şübhə yoxdur ki, Azərbaycan televiziyası kapitalist qərb mediasından qidalanır. Qərbin kapitalist mediası isə Qərb mədəniyyətindən. Qərblilər, oz mənliklərini, şəxsiyyətlərini, həqiqəti göstərilən və görünən nəsnəyə çeviriblər. Alman filosofu Martin Haydegger deyirdi ki, “olmaq qavramaqdır” və davam edirdi: Modern dövrün əsası, dünyanın şəklə çevrilməsidir. Bu o deməkdir ki, dünya bir şəkil – görüntüdür.” Məgər Nitsşe demirdi ki, həqiqi dünya yalandır, əsas gözlə görünəndir. Oxşar fikirləri Vittgensteyn də dilə gətirir. Ekran erasında insanın görən gözünün yerini kameranın gözü alır. Televiziyanın qidalandığı qərb mədəniyyəti hamını “görmək bilməkdir” yanılqısına inandıra bilib. Media isə göstərdiyi nə varsa, ona həqiqət donu geyindirməyə, bizim həqiqətimiz olmağa çoxdan nail olub.
Media bizə təqdim etdiyi nə varsa, istər informasiya olsun, istərsə şou olsun, hamısının həqiqət olduğunu diqtə edir. Həqiqət medianın dilində, medianın göstərdiyində yenidən montajlanır və medianın həqiqəti kimi gündəlik həyatımızı işğal edir. Nəticədə biz də gündəlik həyatımızdakı söhbətləri medianın diliylə, daha doğrusu onun göstərdikləriylə örtüşdürüb oz həqiqətimizə çeviririk. Ələlxüsus da ekran. Ekran deyir ki, sən görmək üçün əziyyət çəkmə, mən sənin yerinə görürəm və sənə göstərirəm. Boudrillad demişkən, medianın həqiqəti hiper-həqiqətdir. Hiper həqiqət həqiqi həqiqətin yerini tutur.
Digər tərəfdən ekran bizə göstərdiyi ilə əslində gözdən itirmə funksiyasını yerinə yetirir. Göstərdikləri ilə görünənləri görünməzləşdirir və həqiqəti yox edir… İstər lokal miqyasda, istərsə də qlobal miqyasda, bu belədir. Görünəni görünməzləşdirmək isə həm də iqtidar praktikasıdır. Eynilə Pakistanın BMT-dəki keçmiş nümayəndəsi, Amerika universitetinin professoru Əkbər Əhmədin dediyi kimi, Pentaqonun məğlub olduğu yerlərdə Hollivud qalib gəlib. Çünki o, kütləni yaratdığı həqiqətə inandırma metodunu doğru seçmişdi. Məhz elə buna görə də, İraqdakı vəhşətə laqeydləşən cəmiyyət “qəfəs”dəki, “popstar”dakı yarışlara biganə qala bilmir. Mahiyyəti tərk edib, görüntünün cazibəsinə qapılır. Kütləvi emosionallığı mahiyyətcə fərdi, zahirən ictimai emosionallığa çevirir, “həqiqət” saçır.
Orijinal təqlidlər
Biri qurtaranda digəri başlayan realiti şoular indi qılınc çəkib hucuma keçib. Bir vaxtlar, Türkiyədə popstar yarışları dəbdəykən, mətbuatda belə bir mübahisə də başlamışdı: Realiti şoulara baxmayan ziyalı deyil. Qısası, bu şoular cəmiyyətin hər təbəqəsini istər elə, istər belə aludə etmişdi.
İndi ekranda at oynadan başqa bir yaramıza da duz səpir sanki. Televiziyanın keyfiyyət standartlarına. Əcnəbi ünvanlarda efir haqqı alınıb ekranlarımıza köçürülən anadangəlmə ucuz, bayağı telelayihələr bizim ekranda daha da bayağılaşdırılır, amma “ekranda yenilik” hay-həşiriylə təqdim olunur. Ucuz təqlid şoular tüğyan edir. Amma orijinallarından daha keyfiyyətsiz, daha ucuz. O dərəcədə ki, Türkiyədəki “popstar”ın qalibi belə olmayan Bayhan Azərbaycanda bizdəki star yarışlarının birincilərindən daha çox tanınır. Bu nəyə işarədir? Bizdəki ekranın mənasız cazibə səviyyəsinə belə gəlib çatmamasına, desək insafsızlıq etmərik ki?!
Ekranın məşhurları
Bunlar hər biri öz yerində. Bilirik ki, media ulduz yaratmağı sevir. Necə ki, lazım gələndə qarışqanı fil etməkdən çəkinmir. Neynək, qaz gələn yerdən toyuq əsirgənməz. Bəs bu telekanal qapılarında əsim-əsim əsən, hönkür-hönkür ağlayan, “ulduz” duasına yığışanlara nə deməli? Nədir məşhur olma arzusunun sərhədi? Bu sərhədin o tayındakı həyat nədən ibarətdir? Ekranda gördüyümüzü küçədə görəndə niyə özümüzdən gedirik?
Bilmirəm. Amma onu bilirəm ki, Azərbaycan tamaşaçısı ulduz müharibəsinə səfərbər olunub. Bu müharibəni isə, ulduzluğa şirniklənib mediayla qumar masasına əyləşənlər və onları SMS-ləri ilə məst edənlər uduzacaqlar. Udan isə kapitalist hegemoniyanın “al, işlət, tulla” buyruğuna dünəndən razı olmuş media olacaq.
Ekranın bizə ulduz, qəhrəman sırımağa öyrəşdiyi ilə bu postmodern şouya azarkeşlik edən insanların bir-birindən fərqi yoxdur. “Yeni ulduz”lar nə istəyirsə, hamı ondan istəyir. “Qəfəs”dəkilər nə yaşayırsa hamı oxşar yaşayır. Tək fərqləri var. Bu gün onlar kameranın qarşısındadırlar. Sabah isə ekranın qarşısında olacaqlar. Bazar gəliş-gedişi sevir. Gələnlər getməlidir ki, təzələr üçün yer boşalsın.
Axırıncı sözdən əvvəlki
Sovet İttifaqı süquta bilet alan vaxtlarda, 1990-cı ilin mart ayının 22-də Con Berger «Qardian» (“The Guardian”) qəzetindəki bir məqaləsində azərbaycanlıları mədəni və siyasi cəhətdən yad mərkəzlərdən xilas olma, özünü dərk etmə mübarizəsinə qoşulmuş xalqlar arasında göstərmişdi. Nə qədər qürur verici bir ifadə. Amma sadəcə yazıldığı tarix üçün…
İnsan soruşmadan dinc durmur. Görəsən 15 ildə biz özümüzü beləmi dərk etdik? Başqa yolu yoxmuydu? Ümumiyyətlə nəyinsə dalınca qaçmağımıza ehtiyac vardı? Qovaladığımız şəxs Röya, sığınacağımız qəfəs, əl yerimiz maşın kapotu, gözümüz kamera obyektivi, rəyimiz SMS olmalıydı?
Media “xalqın gözü”dür deyə, bizə hər şeyi göstərməlidi? Axı biz bilən, vicdan sızlayanda gözdən də yaş gəlir. Bu nə cür gozdür ki, bütöv xalqın gözünə girib? Bu ölkədə nə vaxtsa “xalqın gözü” xalqın gözünü acacaq müzakirələrə göz atacaq? Nə vaxt biri çıxıb ekranda ekranı şikayət edə biləcək? “Xalqın görən gözü” media nə vaxtsa özünü görə biləcəkmi?
Rizvan Qənbərli
mediAnaliz arxivindən
You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.



Şərhlər bağlıdır.