Cəsarət
CƏSARƏT
ABŞ-ın tanınan telekanallarından CBS-in xəbərlər buraxılışının aparıcısı Den Radır 73 yaşında işindən istefa verdi. Səbəbi isə yalan, daha doğrusu isbat edə bilmədiyi bir xəbər.
Den Radır Amerikada özünə xas dəst-xətti, peşəkarlığı və hadisələrə jurnalist yanaşması ilə seçilmişdir. Den Radırın adı səslənəndə 22 noyabr 1963-cü ildə ABŞ prezidenti John Kennediyə qarşı törədilən sui-qəsdlə bağlı sənədli filmlərdə taniı olduğum ilk reportajı xatirlayiram . Amma əsl peşəkarlıq nümunəsini Vyetnam müharibəsi əsnasında cəbhədə nümayiş etdirmişdi. Hətta Den Radır deyiləndə çoxumuz Voterqeyt skandalı baş verdiyi vaxt Niksonla, Monika Levinski ən məşhur adlardan birinə çevrildiyi vaxt Bill Klintonla, ABŞ ordusu İraqa girməmişdən qısa bir müddət əvvəl Səddam Hüseynlə apardığı xüsusi müsahibələri də xatırlayırıq. Amma indi isə… 73 yaşında əsassız bir xəbər ucbatından 24 illik CBS xəbərlər buraxılışının aparıcılığından istefa verməsi ilə bağlı eşidirik bu məşhur jurnalistin adını.
İnsan bəzən lənət oxumaq istəyir. Bəzən də gedib Den Radırı Azərbaycana gətirmək.
CBS telekanalı 2 noyabrda keçirilən seçkidən qabaq prezident Buşun Vietnam müharibəsindən qaçmaq üçün atasının adından istifadə etdiyini xəbər vermişdi. Bu xəbəri izləyicilərə çatdıran isə bizim tanıdığımız Den Radır idi. Amman nə var ki, telekanal da, Den Radır da bu xəbəri dəstəkləyən faktları ortaya çıxara bilməmişdi. Yəni bu qədər əhəmiyyətli və maraq doğuran bir xəbər ya araşdırılmamış verilmişdi, ya da səhv bir istiqamətləndirmənin nəticəsi idi. Əslində həm telekanal həm də Radır çox etibarlı faktlara söykənmişdi bu xəbəri yayarkən. Amma isbat edə bilməmişdilər. Məlumatı təsdiqləyən sənədlərin saxta olub olmadığı haqqında müxtəlif fikirlər irəli sürülmüş, Pentagon həqiqi sənədləri çap edərək məlumatın yalan olduğunu elan etmişdi.
Və bütün izləyicilər bu jurnalist acizliyinin şahidi olmuşdu. Elə bu acizlik də Radırın sonuncu xəbər bülletenində ictimaiyyətdən üzr istəməsi və 24 illik yuvasından istefası ilə nəticələndi.
Mən Den Radır haqqında yazılmış çox məqalə oxudum. Hətta bu gün internetdə mini bir sorğu aparsanız bu məqalələrdən bəziləri ilə də tanış ola bilərsiniz. Amma Den Radır haqqında yazılmış heç bir məqalə, Den Radırın özü haqqında dediyi heç bir söz onun son xəbərlər buraxılışındakı vida sözləri qədər aydınlatıcı ola bilməz. CBS studiyasından ayrılmadan əvvəl son sözləri “cəsarət” olan Den Radır “Hamınıza cəsarət arzulayıram” deyib getdi.
Den Radır “cəsarət” demişdi. Çingiz Mustafayevin Qarabağda düşmən güllələri arasında dünyaya nümayiş etdirdiyi cəsarəti. Nə müxalifətə, nə də iqtidara yar olan Elmarın qələmindəki cəsarəti. İstədiyi məlumatı əldə etmək üçün döyülən, söyülən, hər cür zülmə tab gətirən nimdaş pencəkli, zəngin ürəkli jurnalistin cəsarətini. Doğulduğuna peşman olacağını bildiyi halda doğrulardan qaçmayan jurnalistin cəsarətini…
Bunları deyib getmişdi 73 yaşlı qoca jurnalist. Amma sadəcə bunlardan da ibarət deyildi Radırın dediyi. O eyni zamanda lazım gələndə imtina etmək, çıxıb getmək cəsarətindən də söz edirdi. Deyirdi ki, bir jurnalist peşəkarlığını eyni zamanda yerini və vaxtını bilib jurnalistikadan əl çəkmək, peşə həyatına son verməkdə də axtarmaq lazımdır. Den Radır bir səhvin jurnalist üçün ən dözülməz ağrılardan biri olduğunu hayqırıb gedirdi. Çünki bilirdi ki, xalqın inamını itirmiş bir jurnalistin nə deyəcək sözü, nə göstərəcək həqiqəti qalmışdı… Den Radır eyni zamanda təmizlənmə, saflaşma cəsarətini nümayiş etdirib getdi.
Düşünürəm, özünə jurnalist deyən “həmkar”larımızın hər birində ən azı Den Radırın son anda nümayiş etdirdiyi “getmək” cəsarəti olsaydı kimləri görə biləcəkdik səhnədə…
İndi hər jurnalistin Çingiz kimi, Elmar kimi və nəhayət Den Radır qədər cəsarətli olduğunu fərz etsək və media dünyamızı cəsarət ələyindən keçirsək geriyə kimlər qalar, neçə nəfər qalar, heç fikirləşdinizmi? Və bizi arzuladığımız mediaya kimlər qovuşduracaq? Gedənlərmi yoxsa qalanlarmı? Bir də bu sualı fikirləşməliyikmi?
Bax unutmuşdum. Fikirləşməyə başla
You can follow any responses to this entry through the RSS 2.0 feed. Both comments and pings are currently closed.



Şərhlər bağlıdır.