2009-cu ilin media trendləri
Bir il daha geridə qaldı. Bəs ötən ildə Azərbaycan mediası sektorun və peşənin gələcəyi baxımından ən çox nəyi müzakirə etdi görəsən? Yadımda qaldığı qədər ilə ötən il ekrana və qəzet səhifələrinə mövzu olan başlıca media trendlərini 6 başlıqda cəmləşdirdim.
1- Söz azadlığı
Ölkə mətbuatının ən çox diqqət yetirdiyi, gündəmdə saxladığı mövzuların başında söz azadlığı gəlir. Ötən il də belə başa vuruldu. Həbsdə olan baş redaktorların və digər jurnalistlərin durumu, həbs olunub azadlığa buraxılan jurnalistlərlə bağlı müzakirələr, habelə Mirzə Sakitin azadlığa buraxılması ilə belə səngiməyən mübahisələrlə söz azadlığı mətbuatın gündəmində öz yerini möhkəmləndirdi. Digər tərəfdən diffamasiya haqqında qanun üçün təşəbbüslər intensivləşdirildi. Böhtan və təhqirin cinayət əməli sayılmaması üçün jurnalistlərin müzakirələrinə beynəlxalq təşkilatlar da qoşuldular. Dünya mediasında da oxşar müzakirələr tapmaq olardı. Ancaq onlar daha çox jurnalistlərin peşə əxlaqı və siyasətçilərlə münasibətlərin xarakteri ilə bizdəkindən fərqlənirdi.
2- İqtisadi böhran
Dünya 2009-cu ildə iqtisadi böhranla mübarizə apararkən media da bu böhrandan öz payını aldı. Dünya mediasında büdcəni daraltmaq, işdən çıxartmalar, səhifə sayını azaltmaq, informasiya agentliklərinə abunəlikləri dayandırmaq və s. kimi tədbirlərlə böhranın mənfi nəticələrinə qarşı dirəniş nümayiş etdirildi. Əlbəttə ki, böhran Azərbaycan mediasından da yan ötüşmədi. Reklam gəlirlərinin azalması, satışlardakı zəifləmə yerli media üçün xarakteristik böhran nəticələri hesab oluna bilərdi. Respublika qəzeti kağız qıtlığı səbəbi ilə bir neçə gün fəaliyyətini dayandırdı. Buna baxmayaraq iqtisadi böhranın tüğyan etdiyi bir dövrdə ölkəmizdə iki yeni telekanal – İdman Azərbaycan və ATV International, bir yeni radio kanalı – Media FM fəaliyyətə başladı.
Qlobal böhran dünya mediasını daha geniş çərçivədə öz təsir dairəsinə alsa da, Azərbaycanda medianın iqtisadi problemləri daha dar çərçivədə müzakirə mövzusu oldu. Medianın iqtisadi vəziyyəti daha çox fərdiləşdirilərək, sistem yanaşmasından çox fərdi yanaşma ilə gündəmə gətirildi. Bunun ən maraqlı nümunələrindən biri o idi ki, medianın iqtisadi durumu yerinə jurnalistlərin maddi durumu (ev probleminin həlli və s. kimi problemlər) daha çox qabardıldı.
3- Dövləq qayğısı
Medianın dövlət qayğısı və dəstəyindən məhrum olması ilə əlaqədar gileylənmələr əvvəlki illərdə ölkə mətbuatında tez-tez dilə gətirilirdi. 2009-cu il bu gileylənmələri azaldan bir hadisə ilə yadda qaldı. Prezident tərəfindən atılan addımla KİV-ə dövlət dəstəyi rəsmiləşdirildi. Dövlət dəstəyi isə təbii ki, günü xilas etməyə yaramaqdan başqa heç nə ifadə etməyən kiçik qrantlar, jurnalistlərin cibinə göstərə-göstərə ötürülən xırda mükafatlardan irəli gedə bilmədi.
4-Reket qəzetlər
Ölkə mətbuatı reket qəzetlərə olan marağını 2009-cu ildə də səngitmədi. Mətbuat Şurasının qara siyahısı qəzetlərimizin diqqətini çəkmək üçün kifayət etdi. Reket qəzetlərlə mübarizə üçün sərf olunan vaxt, əmək və enerji reket olmayan qəzetlərdə peşəkarlıq üçün istiqamətləndirilə bilmədi. Medianın qanunvericilik bazasında da bir sıra dəyişikliklər aparıldı. Baş redaktorlar üçün ali təhsilli olmaq məcburiyyəti gətirildi.
5- Ekranda keyfiyyət standartları
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət qəzeti “Azərbaycan”ın 2 oktyabr sayında “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqalə ilə çıxış etdi və bir anda medianın gündəmini dəyişdirdi. R. Mehdiyev televiziyada keyfiyyət standartlarını təyin edirdi. Bu dövrə qədər mətbuatda və hətta ekranın özündə peşəkarlıq və keyfiyyət müzakirə olunurdu, ancaq sadəcə müzakirə olunduğu dairənin kənarına çıxa bilmirdi. Amma bu dəfə nəticə fərqli oldu. Əksəriyyətin peşəkar və qeyri-peşəkar iradlarını özündə birləşdirən məqalənin müəllif kürsüsündəki ismin fərqli olması müzakirənin hüdudlarına da təsir etdi və beləliklə mövzu daha geniş çərçivəyə oturdu.
6- Onlayn kontentlər dəbdə oldu
2009-cu ilin son trendi isə onlayn jurnalistikanın inkişafı oldu. Yeni xəbər saytlarının yaradılması, KİV-lərin internet saytlarının yenidən yaradılması onlayn kontentin zənginləşməsi ilə nəticələndi. İş o yerə çatdı ki, onsuz da satışdan gileyli qəzetlər oxucuların internet saytlarına istiqamətlənməsinin onların iqtisadi durumuna mənfi təsirlərindən danışmağa başladılar.
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.


